“Bank of Baku”dan kart istifadəçilərini həyacanlandıracaq yeni şərtlər – MÜSAHİBƏ
Bank of Baku” ASC-nin Alternativ satış kanalları departamentini direktor müavini Fuad Mədətovun müsahibəsi
– Fuad müəllim, Bank of Baku-ya məxsus Bolkart-ın Azərbaycan vətəndaşlarında kredit kartı təcrübəsinin formalaşmasında, kart xidmətlərinin inkişafında, nağdsız ödənişlərın həcminin artmasında böyük xidmətləri olub. Qısası, Bolkart bazarda cığır açan məhsullardandır. Bolkart və onun tarixi barədə bir az danışmaq olar?
– Hər zaman vurğuladığımız kimi, Bolkart – alış-veriş sevərlərin kartıdır. Bir neçə gün sonra Bolkart-ın 11 yaşı tamam olacaq. Ölkənin ilk taksit kartı kimi Bolkart Bank of Baku tərəfindən 26.10.2011-ci ildə təqdim olunmuşdur. 11 ildir ki, Bolkart müştərilərimizin alış-verişdəki dostuna çevrilib.
Qeyd etdiyiniz kimi Bolkartın istifadəyə verilməsi həqiqətən də cəmiyyətimizdə kredit kartı təcrübəsinin formalaşmasında, kart xidmətlərinin inkişafında, nağdsız ödənişlərın həcminin artmasında əvəzsiz rola sahib olmuşdur.
– Hazırda Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon ədədi keçib. Eyni zamanda ölkəmizdə müzdla işləyənlərin sayı 1,7 milyon nəfər, kredit kartlarının sayı isə 1,6 milyon ədəddir. Bazarın doyduğundan və bankların rəqib bankın mövcud kart müştərilərini özlərinə cəlb etməyə başladığından danışmaq olar?
-Düşünürəm rəqabət mühiti təlabatdan yaranır. Hal-hazırda kredit kartlarının sayının çoxluğu da onu göstərir ki, bazarda kartlara maraq var. Bu müştərilər üçün çox yaxşı haldır – seçim imkanı genişlənir. Banklar üçün də çox yaxşıdır, çünki banklar da inkişaf və yenilik üçün çalışır.
– Azərbaycanda ödəniş kartları sahəsində banklar arasında rəqabət son vaxtlar şiddətlənib. Artan rəqabət vətəndaşların xeyrinədir – onlar pulsuz və ya çox sərfəli şərtlər ilə nağdlaşdırma, köçürmə və digər xidmətlərdən yararlanırlar. Bank of Baku da yeni şərtləri ilə “döyüşə” qatılıb. Ödəniş kartları sahəsində banklar arasında hazırkı rəqabəti necə şərh edərdiniz? Nə baş verdi ki, rəqabət artdı – banklar şərtlərini yeniləyirlər, onları daha sərfəli edirlər?
-Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir.
Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün ölkəmizdə də dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10%, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15%-ni geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar. Banklar həm nağdlaşdırma əməliyyatlarında, köçürmə və digər xidmətlərdə müştəriləri stimullaşdırmaq üçün komissiyaları ləğv etməyə, müəyyən komissiyalarda güzəşt etməyə və güzəşt müddətlərinin artıraraq rəqabətli olmağa çalışırlar.
– Xəbər verildiyi kimi, Bank of Baku Bolkart-ın şərtlərini yeniləyib. Yeni şərtlərdən biri Bolkart kredit kartları üzrə nağdlaşdırma limitinin 100% edilməsidir. İndiyədək mövcud olan şərtlər nə üçün müştərilər üçün çox da sərfəli deyildi və limitin artırılması Bolkartlıların hansı istəklərini reallaşdırmalarına kömək edəcək?
– Əvvəlki şərtlər öncəki illərdə kart müştərilərinin davranışlarına və risk kateqoriyalarına əsaslanmışdır. Lakin bu gün artıq siz də bildirdiyiniz kimi kredit kart müştərilərinin sayı artmış, onların davranışları və kartdan istifadələri təhlil edilərək, müştərilərə daha yaxın olmaq üçün şərtlər yenilənmişdir. Yenilədiyimiz şərtlərdən biri də bütün növ Bolkart kredit kartlarının balansının 100% həcimdə Nağdlaşdırma imkanın olması oldu. Belə ki, əvvəlki şərtlərdə bu yalnız yuxarı əmək haqqı alan seqment müştəriləri üçün mümkün idi. Bundan sonra isə bütün növ Bolkart kredit kartı müştərilərimizdə 100% Nağdlaşdırma imkanı olacaqdır.
– Kart müştərisi kredit kartından nağdlaşdırdığı məbləği neçə aya geri qaytarmalıdır?
Bolkart müştəriləri Nağdlaşdırdıqları məbləği artıq 24 ay ərzində geri qaytara bilərlər. Əvvəllər bu müddət 18 ay idi.
– Bu müddət Bolkartla nağdsız alış-veriş zamanı xərclənən vəsaitin geri qaytarılmasına da şamil olunur?
-Bəli, qeyd etdiyiniz kimi əvvəllər Bolkart kredit kart sahibləri nağdlaşdırdıqları məbləği 18 aya ödəyə bilirdi. Müştərilərimizin ödəmə qabiliyyətini daha da yaxşılaşdırmaq üçün Bank of Baku bu müddəti də uzadaraq 24 ay etdi və artıq müştərilərimiz həm nağd əməliyyatlarda, həm də nağdsız alış-veriş zamanı xərclədikləri vəsaiti 24 aya geri qaytara bilərlər. Bu da təbii ki, müştərilərə xərclədikləri məbləği daha uzun müddətə və rahatlıqla ödəmə imkanı qazandırdı.
– Güzəşt müddətinin artırılması müştərinin borc zamanı daha “dərindən nəfəs alması” deməkdir. Bolkart-ın güzəşt müddətinin 15 gün artırılması kart sahiblərinə hansı imkanları yaradır?
-Bolkart kredit kartlarında Güzəşt müddəti mövcuddur. Beləki, əvvəlcə bu müddət 45 gün idisə, indi artıq 15 gün də artırılaraq 60 günədək qaldırılmışdır. Güzəşt müddəti sayəsində müştərilər istifadə etdikləri vəsaiti 60 günədək faizsiz geri qaytarmaq imkanı əldə edirlər. Güzəşt müddəti üstünlüyü Bolkart kredit kartından nağdlaşdırılan vəsaitlər üçün də keçərlidir.