Debet kartlarda balansdakı qalığa hesablanan depozit faizləri – SİYAHI
Bank məhsulları arasında əsas üstünlüklərdən biri kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir çox banklar tərəfindən təqdim edilir.
Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir.
Banker.az kartdakı qalığa faiz hesablayan debet kartları və faiz hesablanan maksimal məbləğləri araşdırıb.
ABB - Tamkart debet kartları hazırda 5 il müddətinə , pulsuz təqdim edilir, qalığa görə illik 7% gəlir təklif edir, Qalığa faiz TamKart Standard , TamKart Gold , TamGənc və TamEco debet kartlarında vəsaitin minimum 200 manatdan maksimum 2500 manatadək hissəsinə, Platinum və Premium kartlarda isə minimum 1000 manatdan maksimum 5000 manatadək hissəsinə və yalnız manat valyutalı kartlarda hesablanır. Kartdakı qalığa hesablanan məbləğ ayın sonunda kart hesabına köçürülür
AccessBank - myCard standard kartları 5 illik müddətə verilir. Qiyməti 15 manatdır. Qalığa görə illik 3% gəlir təklif edir. Faiz hesablanması üçün maksimal və minimal məbləğ tələbi yoxdur.
Azər Türk Bank - ATB debet kartı 5 il müddətinə, pulsuz verilir. ATB debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur . faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35 000 manatdır.
Bank of Baku - Bolkart debet kartları 3 ilədək müddətdə verilir. Qalığa görə illik 5% gəlir təklif edir, qalığa faiz vəsaitin minimum 100 manat olan hissəsinə hesablanır. Faiz hesablanan maksimal məbləğ limiti yoxdur. Kartdakı qalığa hesablanan məbləğ hər həftənin 5-ci günü kart hesabına köçürülür.
Bank Respublika – Neokart debet kartları 3 il müddətinə verilir. Neokart standart - 20 manat, Premium kartın qiyməti isə 80 manatdır. Qalığa görə Neokart standart - illik 3%, Neokart premium – 5% gəlir təklif edir, qalığa faiz standard kartlarda maksimal - 10 000 manatdək, premium kartlarda isə 20 000 manatadək hissəsinə hesablanır və hər ayın sonu hesaba köçürülür.
Expressbank - Expresso debet kartları 4 il müddətinə verilir. Expresso standart - 10 manat, Gold - 30 manat , Platinum kartlar isə 50 manatdır. Qalığa faiz hesablanması Expresso Standartda illik 3% , Gold 4%, Platinum kartlar isə 5% gəlir təklif edir.Hesablanan məbləğ hər ayın ilk iş günü hesaba köçürülür.
Kapital Bank - Birbank Cashback debet kartları 3 il müddətinə pulsuz verilir, hesab qalığına faiz hesablanması illik 6%-ə qədərdir. Faiz hesablanan minimal məbləğ isə 500 manatdır. Hesablanan məbləğ hər ayın sonu hesaba köçürülür.
Rabitəbank – Kartmane debet kartları 5 il müddətinə verilir, Kartmane standart – 10 manat, Premium isə 199 manatdır, kart hesabına 15000 manat ilkin mədaxil zamanı kart pulsuz təqdim olunur. Hesab qalığına faiz hesablanması standart kartlarda illik 4%, premiumda isə 6%-ə qədərdir. Hesablanan məbləğ hər ayın sonu hesaba köçürülür.
Leokart - 5 il müddətinə pulsuz verilir. Hesab qalığına faiz hesablanması 5%-dir. Faiz hesablanan minimal məbləğ 10 manatdır. Hesablanan məbləğ hər ayın sonu hesaba köçürülür.
Unibank – Ucard həm debet, həm kredit rejimində işləyən multivalyutalı yeganə kartdır, pulsuz verilir. Kartın müddəti 5 ilədəkdir. Kartdakı qalıq vəsait 1 000 manatadək olduqda 1%, 1000-10 000 manatadək olduqda isə 6% illik gəlir təklif edilir. ABŞ dollarında olan qalığa görə məbləğ tələbi yoxdur və qalığa görə illik 0.1% gəlir təklif edilir. Hesablanan məbləğ hər növbəti ayın ilk iş günü hesaba köçürülür.
Yelobank – Yelo Light debet kartı 3 il müddətinə verilir, qiyməti 10 manatdır. Hesab qalığına faiz hesablanması standart kartlarda 4%, premium kartlarda isə 6%-dir. Faiz hesablanan maksimal məbləğ 10 000 manatdır. Hesablanan məbləğ növbəti ayın ilk iş günü hesaba köçürülür.