Gözləyin...

Hansı banklar avtomobil krediti verir?

Bank xəbərləri 15 July 2022

Avtomobil krediti sərfəli şərtlərlə avtomobil əldə etmək üçün banklar  tərəfindən müştərilərə təqdim edilən gündəlik tələbat krediti məhsuludur.  Rəsmi gəlirli şəxslərin müraciət edə biləcəyi kredit üçün maksimal kredit məbləği banklar tərfindən müxtəlif cür təyin edilib. Kredit üçün tətbiq olunan illik faiz dərəcələri müddətə bağlı olaraq dəyişiklik göstərir.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-sı  avtomobil krediti verir. Avto kredit verməyən digər banklar isə avtomobil almaq istəyən şəxslərə nağd pul krediti təklif edirlər. 

Banker.az bu dəfə avto kredit verən banklar və kreditin şərtləri ilə bağlı araşdırma aparıb.

BTB Bank  80 000 AZN-dək məbləğdə,  maksimum 36 ay müddətində , illik  faiz dərəcəsi 25-27% aralığında olan avtomobil kreditini təklif edir.Kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı 1% nəzərdə tutulub.İlkin ödəniş kimi istehsal müddəti 1 ilə qədər olan nəqliyyat vasitələri  avtomobilin dəyəri 30 000 AZN-ə qədər olduqda avtomobil dəyərinin  50%-i, 30 001 AZN-dən artıq olduqda isə dəyərin 40%-i nəzərdə tutulub. İstehsal müddəti 1 ildən artıq olan nəqliyyat vasitələrində isə  dəyərindən asılı olmayaraq ilkin ödəniş kimi avtomobil dəyərinin 80%-i nəzərdə tutulub.

Bank Respublika  maksimal məbləğ 100 000 AZN olmaqla 36 ay müddətinədək minimum 18%  illik faiz dərəcəsi ilə avtomobil krediti təklif edir. Əgər “Group Motors” şirkətləri tərəfindən satılan aşağıdakı markalı avtomobillərdən alsanız, o zaman avtomobil kreditini daha aşağı faiz dərəcəsi ilə əldə edə bilərsiniz:

Honda,

Mazda,

Subaru,

Mitsubishi,

Toyota.

Belə ki, bu maşınlar üçün kredit müddəti 12 ayadək olduqda 18%,  13-24 ay olduqda 21%,  25-36 ay olduqda isə 22% hesablanır. Kreditin rəsmiləşdirilməsi zamanı  1% komissiya tutulur və istisna hallarda zamin tələb edilə bilər. Digər markalı avtomobillər üzrə - minimum 24%.Həmçinin, istehsal tarixi 1 ildən az müddət keçən avtomobillər girov kimi qoyulur.

Naxçıvanbankda  36 ayadək illik 17-20%-lik avto kredit götürülə bilər. İstehsal tarixi 1 il və ya 1 ildən az olan avtomobillər üçün qiyməti 30 min manatdan artıq olduqda kreditin məbləği avtomobilin 60 %-dək, qiyməti 30 min manatdan az olduqda kreditin məbləği avtomobilin 50 %-dək verilir.  İstehsal tarixi 1 ildən çox,  lakin 5 ildən az keçmiş avtomobillər  üçün  kreditin maksimal məbləği avtomobilin ümumi dəyərinin 20%-i məbləğində kredit verilir. Kredit məbləğinin 0.9%-i dəyərində xidmət haqqı mövcuddur.

Rabitəbank  istehsal tarixindən 1 (bir) il keçmiş avtomobillərin alınması üçün  maksimum 36 ay müddətinə  kredit təklif edir. Avtomobil dəyəri 30 000 AZN-dək olduqda dəyərinin 50%-i,  avtomobil dəyəri 30 000 AZN-dən çox olduqda  dəyərinin 40-i  həcmində  ilkin ödəniş tələb olunur. İllik faiz dərəcəsi 3-12 ay olduqda 16% , 13-24 ay olduqda 18%,  25-36 ay olduqda isə  19% hesablanır. Avtomobil krediti AZN valyutasında verilir və 1% komissiya tutulur. 

Xalq Bank  yeni və təkrar bazardan alınan avtomobillərin kreditləşməsini rəsmiləşdirə biləcəyiniz 150 000 AZN –dək məbləğdə, 12%-dən başlayan faizlərlə avtomobil kreditini təqdim edir. Kreditin rəsmiləşdirilməsi üçün  0.2% (min. 20 AZN, maks. 1 000 AZN) komissiya tutulur.Eyni zamanda Xalq Bank kreditləşmə müddətinin sonuna istifadə olunmuş avtomobilin buraxılış müddətini istehsalçı ölkələrə görə fərqləndirir. Belə ki, İstehsalçı ölkə İran, Çin və MDB ölkələridirsə, yeni avtomobillər və istifadə edilmiş avtomobillər üzrə-  5 il ,   ABŞ, Yaponiya, Almaniya: 15 il

Digər ölkələr: 10 il kredit müddəti müəyyən olunub.

Yapı Kredi Bank  3000 AZN-dən başlayan    avto krediti 12-36 ay  müddətinə təklif edir. Dövlət işçiləri, müəllimlər, xarici və yerli neft, rabitə, telekomunikasiya, IT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri, Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər zaminsiz kredit götürmək hüququna malikdirlər. Kreditin faiz dərəcəsi yeni müştərilər üçün 15%, təkrar müştərilər üçün isə 14% təşkil edir. Təkrar müştəri dedikdə, Yapi Kredi Bank Azərbaycanda son 12 ayda kredit və ya kart borcunu odəyib bitirmiş və ya hal hazırda bankda depoziti olan müştərilər nəzərdə tutulur.


Ziraat Bankda istehsal tarixi 1 il və 1 ildən az olan avtomobil nəqliyyat vasitəsinin qiyməti 30 000 AZN-dən artıq olduqda kredit məbləği avtomobilin dəyərinin maksimum 60% -ni,  30 000 AZN-dən az olduqda kreditin məbləği  avtomobilin dəyərinin maksiumum 50%-ni təşkil edir. İstehsal tarixi 1 ildən çox olan avtomobil nəqliyyat vasitələri üzrə kreditin məbləği avtomobilin dəyərinin 20%-dən çox olmamalıdır. Kreditin müddəti 36 ayadəkdir. Əldə edilən avtomobil təminat qismində çıxış edir. Xarici vətəndaşlardan ayrıca zamin tələb edilməkdədir. Azərbaycan vətandaşı, yaşamaq və çalışmaq icazəsi olan və əsas iş yeri Azərbaycanda olan Türkiyə Respublikası vətəndaşları kredit götürə bilər. Kredit vermək üçün minimum 22 yaş həddi müəyyən edilmişdir. Kreditin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir.