Gözləyin...

Hansı banklarda “Uşaq yığım əmanəti” yerləşdirmək olar ?

Bank xəbərləri 4 August 2022

Uşağınızın parlaq gələcəyi onun üçün bu gün edəcəyiniz seçimlərdən asılıdır. “ Uşaq yığım əmanəti” 18 yaşdan  kiçik uşaqlar üçün nəzərdə tutulub. Uşaq yığım əmanəti uşağınız anadan olandan 18 yaşına çatanadək (bəzi banklarda 16)  onun üçün pul vəsaitinin toplanmasına kömək edir və qoyulan vəsaitin uzun müddət ərzində maksimal artımına imkan yaradır.

Depozitin şərtləri isə çox sadədir. Belə ki, siz depoziti açmaq üçün tələb olunan minimal məbləği banka yerləşdirirsiniz. Daha sonra isə bankın təklif etdiyi faizlər hər ay sizin depozitinizə əlavə olunacaqdır. Bundan əlavə istəyinizdən asılı olaraq hər ay depozitinizə artım da edə bilərsiniz.

Əmanət hesabı açmaq üçün tələb olunan sənədlər valideynin şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsidir. 14 yaşdan yuxarı uşaqların isə şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Bəs hansı banklarda “Uşaq yığım əmanəti” yerləşdirmək mümkündür?   Banker.az “Uşaq yığım əmanəti” təklif edən bankları və əmanətin şərtlərini araşdırıb.

Muğan Bankda minimal məbləğ 100 AZN, illik  faiz dərəcəsi 9% olan, 36 ayadək müddətdə “Uşaq yığım əmanəti”  təklif olunur.Əmanətin artırılması müddətin ilk 30 ayı ərzində mümkündür. Faizlər ildə bir dəfə əsas məbləğin üzərinə əlavə olunaraq kapitallaşır.  Müqaviləyə vaxtından əvvəl xitam verildikdə tamam olmuş il üçün hesablanmış faizlərin yarısı ödənilir, natamam il üçün 6 aya qədər 1%, 6 aydan sonra 2% ödənilir. Müqavilənin uzadılması: Əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə, Bankın həmin tarixə təqdim etdiyi faiz şərtlərinə uyğun olaraq, növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər). Vəsaitin qismən çıxarılmasına icazə verilmir.

Rabitə bank  minimal 100 AZN,  illik 5%-dək,  18 ilədək müddətdə “Uşaq yığım əmanəti” təklif edir.Maksimal ilkin məbləğ 100 000 AZN-dir. Minimal müddət 1 ildir. Əmanəti ayda bir dəfə minimum 100 AZN, maksimum 1 000 AZN mələğində artırmaq mümkündür.  Faizlər də bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə də faiz hesablanır. Müqaviləyə vaxtından əvvəl  xitam verildikdə, tamam olmuş il üçün hesablanmış faizlər cərimə tutulmadan ödənilir,natamam il üçün hesablanmış faizlər ödənilmir. Məbləğin qismən çıxarılması zamanı faizlərin təkrar hesablanması məxaric edilən hissəyə aid edilir.

Turan bankda “Uşaq yığım əmanəti”  uşaq anadan olandan 15 yaşınadək müddətdə, illik 8.5%-lə təklif olunur. Əmanətin ilkin  minimal məbləği 100 AZN, maksimal məbləğ isə 10 000  AZN-dir. Minimal müddəti 3 ildir.Məbləği istənilən vaxt ay ərzində minimum 100 AZN, maksimum 1000 AZN məbləğində artırmaq mümkündür. Faizlər  hər 6 aydan bir əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır. Vəsaitin qismən çıxarılmasına icazə verilmir.

VTB Azərbaycanda “Uşaq yığım hesabı” minimal 100 AZN , illik faiz dərəcəsi 10.5%-dək, 18 ilədək müddətdə təklif olunur. Vəsait  minimum 5AZN məbləğində artırıla bilər.

Xalq Bank “Uşaq yığım əmanəti”ni   6.5%-dək illik faiz dərəcəsi ilə , 24 ayadək müddətə təklif edir.Əmanətin ilkin minimal məbləği  1000 AZN-dir. Maksimum məbləğ limitinə məhdudiyyət qoyulmur (500 000 USD/EUR-dan artıq məbləğdə əmanətin yerləşdirilməsi şərtləri Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir). Əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər), faizlər əmanətin əsas məbləğinə əlavə olunaraq kapitallaşır. Vəsaitin artırılmasına məhdudiyyət qoyulmur. Əmanət vaxtından əvvəl geri götürülərsə, müştəri ilə müqavilə ləğv olunur və faizlər vəsaitlərin hesabda olduğu müddətə görə hesablanır. Vəsaitin  qismən çıxarılmasına icazə verilmir.

Müzakirə qrupuna keçid