İpoteka və Kredit Zəmanəti Fondu ilk yarım ili 10 mln. manatlıq xalis mənfəət əldə edib
Azərbaycanın İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) 2022-ci ilin ilk yarısını böyük mənfəətlə tamamlayıb.
Bunu Banker.az Fondun yarımilik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat müddətində, İKZF 31.2 milyon manatlıq faiz gəliri əldə edib. Bu illik müqayisədə 4.63 milyon manat, yaxud 17.4% artım deməkdir. Fondun faiz ödənişlərinin artım dinamikası daha çox artıb. Faiz xərclərinin həcmi 16.67 milyon manat olmaqla 2021-ci ilin analoji dövründən 3.23 milyon, yaxud 24% artıb.
İpoteka və Kredit Zəmanəti Fondunun gözlənilən kredit zərəri öncəki ildə 1.01 mln. manat olduğu halda, cari ilin eyni dövründə 0.63 mln. manat təşkil edib.
Beləliklə, digər gəlirləri və xərcləri fərqindən sonra 9.89 mln. manatlıq xalis mənfəəti yaranıb – öncəki ildən 17% çox.
Fondun 1 iyul 2021-ci il tarixinə olan cəmi aktivləri 2 milyard 182.56 milyon manat və cəmi öhdəlikləri isə 1 milyard 272.01 mln. manat olub.