Gözləyin...

“TuranBank”ın audit hesabı: Bank böyüyüb, gəlirləri artıb

Bank xəbərləri 2 June 2022
“TuranBank” ASC-nin 31 dekabr 2021-ci il tarixi üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları və müstəqil auditorların rəyi açıqlanıb. MƏNFƏƏTİ 2 DƏFƏ ARTIB Banker.az xəbər verir ki, “TuranBank” 2021-ci ili 4 milyon 877 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ildə bankın mənfəəti 2 milyon 440 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2 dəfə artması deməkdir. GƏLİRLƏRİ ARTIB Ötən il “TuranBank”ın faiz gəlirləri 16.3% artaraq 41 milyon manat, haqq və komissiya gəliri 82.4% artaraq 5 milyon 730 min manat təşkil edib. Bankın faiz xərci 27 milyon 547 min manat, haqq və komissiya xərci 2 milyon 332 min manat, işçi heyəti üzrə xərcləri 9 milyon 242 min manat, ümumi və inzibati xərcləri 8 milyon 57 min manat olub. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB 2021-ci ildə “TuranBank”ın cəmi aktivləri 686 milyon 550 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 32.5% artımdır. Bunun 414 milyon 385 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 27% böyüyüb. BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB 2021-ci ildə “TuranBank”ın depozit portfeli (müştərilərin vəsaitləri) 1.5 dəfə artaraq 419 milyon 384 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 628 milyon 822 min manat təşkil edib. KAPİTALI ARTIB Bankın ötən il cəmi kapitalı 21% artaraq 57 milyon 728 min manat olub. 2020-ci ildə bu göstərici 47 milyon 851 min manat təşkil edib.
Telegram kanalımıza abunə ol